Ötən 2020-ci il dünyada pandemiya ilə əlaqədar bir çox problemlər yaransa da, ümumilikdə Azərbaycan xalqı üçün uğurlu il olmuşdur. Bu ildə 30 ilə yaxın düşmən tapdağında inildəyən torpaqlarımız düşmən tapdağından azad olundu. 44 gün ərzində baş verənlərin dəyəri heç bir ölçüyə gəlməz. Üstündən əsrlər keçəcək, bu şanlı tarix Azərbaycan adlı məmləkət durduqca daim yaşayacaq, var olacaqdır. Vətən müharibəsi, məlum olduğu kimi erməni tərəfinin tam məğlubiyyəti ilə başa çatdı. O da məlum həqiqətdir ki, hazırkı zamanda Ermənistan deyilən ölkə qədim Azərbaycan ərazisində formalaşdırılmışdır. İndi Ermənistanın paytaxtı hesab edilən İrəvan, hal-hazırda erməni ərazisi hesab edilən Zəngəzur da bütövlükdə tarixi Azərbaycan torpaqlarıdır. Hətta ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsinə də 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin nəticəsində köçürülmələri tarixi həqiqətdir. Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə elan edilmiş bəyanatın əsas bəndlərindən biri də Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Məhz bu bəndin həmin bəyanatın mətninə salınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsidir. Artıq geriyə yol yoxdur. Ermənistan bəyanatın şərtlərinə qeyd-şərtsiz əməl etməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin açılması böyük tarixi əhəmiyyətə malikdir. Bu yolun açılması təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb eləmir. Eyni zamanda bu dəhlizin açılması Avropanı Asiya ilə birləşdirən kommunikasiya xəttinin açılması deməkdir. Dünyanın əksər ölkələri də bu dəhlizin açılmasının tərəfdarıdır. Çünki bu dəhlizin açılması iqtisadi nöqteyi-nəzərdən dünya ölkələri üçün olduqca sərfəlidir. Ölkə rəhbəri cənab İlham Əliyev yüksək kürsülərdən Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatın bütün maddələrinin heç bir əlavə şərt irəli sürülmədən yerinə yetirilməsinin vacibliyini vurğulamışdır. O çıxışlarında Zəngəzur dəhlizinin açılmasının bütün dünya, Azərbaycan və Türkiyə dövlətlərindən çox Ermənistan üçün daha böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bu dəhlizin açılması iqtisadiyyatı çökmüş Ermənistanın dirçəlməsi üçün zəmin yaradacaqdır. Eyni zamanda ölkə prezidenti qeyd etmişdir ki, bu dəhliz mütləq açılacaqdır. Əgər yenə də Ermənistan bu məsələni uzatmağa çalışsa biz onu dəhlizi açmağa məcbur edəcəyik. Biz xoşbəxt xalqıq. Ona görə xoşbəxtik ki, tarixdə ilk dəfə itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Ona görə xoşbəxtik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız və qətiyyətli bir dövlət başçımız var. Məhz onun rəhbərliyi sayəsində biz daha böyük uğurlara imza atacağıq. Mehman İbişov,Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi